Tramp Netanyahu ilə yollarını ayırır?| Yaxın Şərqdə yeni siyasi hesablama

2025/04/1745058890.jpg
Oxunub: 775     14:34     21 Aprel 2025    
“New York Times” qəzeti Ağ Evdəki yüksək vəzifəli bir məmura istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Suriyanın şimal-şərq bölgələrindən məhdud sayda ABŞ qoşunlarını çıxarmaq qərarına gəlib. Məlumata görə, Tramp bu qərarını cəmi bir cümlə ilə əsaslandırıb: “Bu, bizim müharibəmiz deyil”.

İsrailin “Ynet” xəbər portalı bildirir ki, baş nazir Benyamin Netanyahu bu qərarı dayandırmaq üçün müəyyən cəhdlər göstərib, lakin nəticə əldə etməyib. İsrail baş naziri narahatdır ki, Suriyadan ABŞ qoşunlarının çıxarılması bölgədə, xüsusilə Türkiyənin regional fəallığının artmasına şərait yarada bilər.

“Reuters” agentliyinə istinad edən “Ynet”in məlumatına görə, ABŞ qoşunları hələ tam şəkildə çıxarılmayacaq, sadəcə sayları 2000-dən 1400-ə endiriləcək, səkkiz hərbi bazadan üçü isə yerli Suriya qüvvələrinə təhvil veriləcək. ABŞ administrasiyasının yekun qərarının yaxın həftələrdə dəqiqləşəcəyi gözlənilir.

Siyasi baxımdan isə bu addım ABŞ-nin Yaxın Şərqdəki siyasətinə yenidən baxıldığını göstərir. Paralel olaraq, İsrail mətbuatı xəbər verir ki, Tramp administrasiyası İranın nüvə obyektlərinə hərbi zərbə planını dayandırıb və Tehrana qarşı siyasi-diplomatik razılaşma yolunu seçib.

Aprelin 17-də ABŞ dövlət katibi Marko Rubio da bu istiqamətdə maraqlı bəyanatla çıxış edib. O bildirib ki, İranla siyasi razılığa gəlmək imkanı var. Bu bəyanat, Fransanın və bir neçə Avropa ölkəsinin xarici işlər nazirləri ilə aparılan müzakirələrdən sonra səsləndirilib.

Bundan əvvəl İran rəsmiləri Avropanın üç ölkəsi ilə nüvə proqramı üzrə danışıqların aparıldığını təsdiqləmişdilər. Lakin İsrail tərəfi bildirir ki, İranın nüvə obyektləri beynəlxalq nəzarət altında olsa belə, onların sıradan çıxarılması zəruridir, əks halda, heç bir razılaşma real nəticə verməyəcək.

İrana dair danışıqların nəticəsi hələlik qeyri-müəyyəndir – bu prosesin bir razılaşma ilə bitəcəyinə heç bir zəmanət yoxdur. İranın ali rəhbəri Ayətullah Əli Xameneyi danışıqların ilkin mərhələsini müsbət qiymətləndirib, lakin əlavə edib ki, “amerikalılara etibar etmək olmaz”. Məlumatlı mənbələrin bildirdiyinə görə, Xameneyi bu qərarı uzunmüddətli daxili məsləhətləşmələrdən sonra qəbul edib.

Bəs əgər danışıqlar uğursuz olarsa, Donald Tramp hansı addımlara əl atacaq? O, İrana qarşı hərbi güc tətbiqini istisna etməyib. Amma ekspertlərə görə, İranın nüvə obyektlərini raket və ya hava zərbələri ilə sıradan çıxarmaq mümkün deyil. Bu, yalnız genişmiqyaslı quru əməliyyatı ilə mümkündür. Bu isə bölgədə müharibənin yeni fazasına gətirib çıxara bilər.

İsrailin nüfuzlu “Yedioth Ahronoth” qəzetinin hərbi icmalçısının fikrincə, məsələnin kökündə Netanyahu durur. Onun fikrincə, yəhudilər və fələstinlilər arasında demoqrafik xətt çəkilməli, iki dövlətli həllə yönəlməlidir. Tramp administrasiyası isə görünür, bu məsələdə Netanyahudan uzaqlaşaraq, gələcək hökumətlə daha real razılaşma yolları axtarır. Amma sual açıq qalır: İsraildə belə bir vacib qərarı qəbul etməyə hazır bir hökumət olacaq?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Netanyahu  


Bizi "telegram"da izləyin